SİYASƏT
Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH
Bakı, 11 may, Rabil Kətanov, AZƏRTAC
Ötən həftə Slovakiyanın Baş nazirinin və Bolqarıstan Prezidentinin, Azərbaycana səfərləri və əməkdaşlıq haqqında imzalanan sənədlər rəsmi Bakının Avropa dövlətləri ilə müttəfiqlik əlaqələrinin inkişafını göstərir. Məsələ heç də bu dövlətlərin Azərbaycandan təbii qaz tədarük etməsində deyil, münasibətlərin daha əhatəli, daha səmərəli və strateji xarakter daşımasındadır.
Bolqarıstan Qara dənizin sahilində böyük limanlara malikdir. Burqas və Varna kimi limanların irihəcmli yükaşırma imkanları var. İldə 20 milyon ton yükaşırma iqtidarinda olan Burqas limanının “Burqas Şərq-2” və “Burqas Qərb” adlı iritutumlu və müxtəlif profilli iki yük terminalında konteyner, taxıl, neft, neft məhsulları, sıxılmış qaz və strateji xarakter daşıyan digər yükləri saxlamaq üçün şərait yaradılıb. Bolqarıstan hökuməti limanın daxili dəmir yolunu genişləndirmək və konteyner daşıyan ağır yük gəmiləri üçün yeni yataqlar tikmək barədə qərar qəbul edib. Hazırda bu istiqamətdə aparılan işlər davam edir. Varna limanı isə illik 11 milyon ton yükaşırma imkanına malikdir. Limanın 65 yük karı və 200 metr uzunluğunda olan yük gəmilərini qəbul etmək üçün 40 yatağı var. Bu faktlar Bolqarıstanın Orta Dəhlizin genişlənməsində iştirak etməklə Asiyadan Şərqi və Qərbi Avropaya, həmçinin əks istiqamətə yükdaşımalarda tranzit ölkə və logistika mərkəzinə çevrilmək potensialını göstərir.
Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutu təkcə dəniz yolları ilə məhdudlaşmır. Bakı-Tbilisi-Qars dəmir yolu tranzit-nəqliyyat sahəsində Azərbaycan ilə Bolqarıstanın əməkdaşlıq əlaqələrinə yeni töhfələr verə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatla çıxış edərkən dedi: “Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyənin Avropaya qapısı sayılan Ədirnə şəhərinədək uzanması üçün infrastruktur mövcuddur. Hazırda 29 kilometrlik Halkalı (İstanbul)-Kapıküle xəttində son tamamlama işləri həyata keçirilir. Ədirnə valisi Yunis Sezər bildirib ki, Halkalı-Kapıküle dəmir yolunun Ədirnə hissəsində işlər iyun ayında başa çatacaq. Yolun 153 kilometrlik Çərkəzköy-Kapıküle hissəsində isə işlər davam edir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbulkadir Uraloğlu bildirib ki, 2030-cu ilədək Türkiyə üzərindən konteyner yükdaşımaları 22 faiz artacaq və bizim yollar buna hazır olmalıdır. Göründüyü kimi, yaxın gələcəkdə Orta Dəhlizin Qərbi Avropayadək uzanacağı şübhəsizdir. Azərbaycan Orta Dəhlizin Qafqazdakı, Bolqarıstan isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır.
Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə Şərqi Avropa dövlətlərini yeni nəqliyyat dəhlizləri tapıb Asiya ilə ticarəti davam etdirmək məcburiyyətində qoyub. Orta Dəhlizin əsas seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa qitəsindəki bütün dövlətlər üçün ticarət əlaqələrini genişləndirmək baxımından böyük imkan yaradıb.